Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışını edib.
Yarımstansiyada ATEF Şirkətlər Qrupunun istehsal etdiyi və quraşdırdığı 2 ədəd ATDTN 250 MVA 330/110/10 kV-luq avtotransformator da yer alıb.
Qeyd edək ki, ötən il mayın 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi Layihəsi çərçivəsində təməli qoyulan 330/110 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası və ikidövrəli olmaqla 132 kilometr məsafədə 330 kV-luq “Ağcabədi-Cəbrayıl” ötürmə xətti “Azərenerji” tərəfindən rekord müddətdə - bir ildə tikilib və 330 kV-luq “Ağcabədi” yarımstansiyası müasir texnologiyalar əsasında tam yenidən qurulub.
Ən əsası bu müddətdə işğaldan azad edilən rayonlarda 11 yerdə tikilən 110 kilovoltluq yarımstansiyaları selektiv paylama ilə qidalandırıb, dairəvi elektrik təchizatına nail olmaq üçün 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası ilə 110 kilovoltluq “Qubadlı” yarımstansiyası arasında ötürmə xətti çəkilib. Bu layihənin bir neçə mühüm əhəmiyyəti var. Belə ki, Qarabağ və Şərqi Zəngəzur regionlarını yeni mənbə olaraq qidalandırıb dairəvi elektrik təchizatını təmin etmək, bu bölgələrin dayanıqlı və fasiləsiz elektrik təchizatına nail olmaq, yaradılan meqalayihələrin tələbatını qarşılamaq, BP Günəş və digər bərpaolunan enerji mənbələrində, həmçinin “Xudafərin” və “Qız qalası” elektrik stansiyalarında, o cümlədən işğaldan azad edilən ərazilərdə “Azərenerji” tərəfindən tikilən 25 Su elektrik stansiyasında istehsal olunan enerjini ümumi sistemə ötürmək üçün “Cəbrayıl” enerji qovşağının istismara verilməsi olduqca əhəmiyyətli hadisədir.
Digər tərəfdən perspektivdə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq, həmçinin Cəbrayıl-Naxçıvan-Türkiyə, oradan isə qardaş ölkənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edib ixrac imkanlarını artırmaq üçün “Cəbrayıl” qovşaq yarımstansiyasının işə düşməsi xüsusi önəm daşıyır.
Comments